3 Dekabr 2021-ci il tarixində Naxçıvan Dövlət Universiteti Xəstəxanasında “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusunda regional seminar keçirilmişdir.
Azərbaycanın Əməkdar həkimi Mahirə İsmayılova Tibb fakültəsi tələbələrinə ustad dərsi keçib. Naxçıvan Dövlət Universiteti Xəstəxanasında ali təhsil ocağının Tibb fakültəsi tələbələrinə Mərkəzi Klinikanın Süni Mayalanma Şöbəsinin müdiri, cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar həkimi Mahirə İsmayılova ustad dərsi keçib. Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsever Əsədov tələbələrin təcrübi bacarıqlarının qiymətləndirilməsində bu cür dərslərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. “Ümumi təbabət və klinik fənlər” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva 13 elmi işin həmmüəllifi, süni mayalanma, doğuş, hamiləlik və qadın xəstəlikləri mütəxəssisi olan Mahirə İsmayılova haqda məlumat verib. Qeyd edilib ki, cərrah-ginekoloq artıq bir ildir ki, muxtar respublikaya gələrək xəstələrin qəbulu, müalicəsi və süni mayalanma əməliyyat prosedurlarının həyata keçirilməsində iştirak edir.
Mərkəzi Klinikanın Süni Mayalanma Şöbəsinin müdiri, cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar həkimi Mahirə İsmayılova sonsuzluğun müalicəsində köməkçi reproduktiv texnologiyaların rolundan danışıb. Sonsuzluğun səbəbləri və ona təsir edən amillər haqda tələbələrə slayd vasitəsilə əyani məlumat verilib. “Müalicə işi” Tibbi profilaktika ixtisası yuxarı kurs tələbələrinin iştirak etdiyi dərsdə müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırıldıqdan sonra onlara Mərkəzi Klinikanın maarifləndirici broşür və bukletləri paylanılıb.
Qeyd edək ki, Tibb elmləri namizədi, mama-ginekoloq Mahirə İsmayılova Naxçıvanda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur. 1996-2001-ci illərdə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda işləyib. 2007-ci ildən indiyədək Mərkəzi Klinikada Qadın Mərkəzinin müdiridir.